Mehriban Zeynalova: “Faciə 30 minə yaxın uşağın erkən nikahdan doğulmasıdır”

Valideynlər, kəbin kəsən axund, bu işin icraçıları məsuliyyətə cəlb olunmalıdırlar.

İlk dəfədir, erkən nikahın baş tutmadığı xəbərini alırıq. Lerik sakini Mirtəmən Sadıqov keçmiş həyat yoldaşı Əminə Məmmədovanın 14 yaşlı qızı Leylanı evləndirmək istədiyi, toy gününün, şadlıq sarayının təyin edildiyi barədə polisə məlumat verib. Bundan sonra dövlət strukturları hərəkətə keçib və erkən nikahın qarşısı alınıb. Həmçinin, aparılan istintaq əməlləri nəticəsində 14 yaşlı qızın 2 aylıq hamilə olduğu müəyyənləşdiyindən nişanlısı Arzuman Həsənov da şübhəli şəxs qismində saxlanılıb.
Onu da xatırladaq ki, Mirtəmən Sadıqov Leylanın ögey atasıdır. Lakin M.Sadıqov Leyla 6 aylıqkən uşağı himayəsinə aldığını, ona adını, soyadını verdiyini, digər övladlarından ayırmadığını deyir.
Təəssüf ki, belə sosial dirənişin nadir hallarda şahidi oluruq. Erkən nikahlara adətən ata-ana, qohum-əqrəba “fətva” verir. İçindən bir dərrakəlisi çıxıb demir ki, niyə bu kiçik qızları bədbəxt edirsiniz?!
Əksinə, qohumlar, dost-tanış, qonşular hamı nişanda, toyda bəh-bəhlə iştirak edir. Və bəlkə gələcək uğursuz bir ailənin təməlqoyma mərasimi iştirakçısı, əslində isə həm də qanun pozuntusunun, cinayət əməlinin iştirakçısı, şahidi olduqlarının fərqinə belə varmırlar.
Toya gələnlərin biri-ikisi, üçü evlənənin erkən yaşda olduğunu bilməsin. Valideynlər, yaxın qohumlar ki, evlənənin yaş həddini bilir. Necə ki, digər cinayət əməllərində cinayəti bilib söyləməmək, gizlətmək, ört-basdır etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur, erkən nikah məsələsində də qanun keçərli olmalıdır. Kəbin kəsən axunddan, molladan tutmuş, valideyn də, qohumlar da, lap qonşular da cinayət məsuliyyətinə cəlb edilməlidir. Bəlkə belədə insanlarımızda məsuliyyət hissi yaranar və qanunsuzluğa qarşı çıxmaq gücləri yoxdursa da, heç olmasa, qanunsuzluğu xəbər verərlər. Mirtəmən Sadıqov kimi.
“Məni də düşündürən suallar var…”
Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da bu fikirdədir ki, erkən nikah faktında cinayət məsuliyyətinə cəlb edləcək tərəflər çox olmalıdır:
– Hadisə ilə bağlı səslənən iddialar, məlumatlar rəsmi qaydada təsdiqlənmədən rəy bildirmək yanlışdır. Məni də düşündürən suallar var; 14 yaşlı Leylanın anası niyə məsuliyyətə cəlb edilmir? Əgər ortada zorakılıq, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə faktı var idisə, niyə ana övladını müdafiə etmirdi? Toy edib, məsələni ört-basdır etmək istəyirdi? Bu halda ana, faktiki, məcburi nikaha, toya müsbət rəy vermiş şəxsdir. Ögey atanın dedikləri də məni qane etmir. Mən burada canyananlıqdan daha çox qisasçılıq elementləri görürəm. Belə qayğıkeş ataydısa, qızıyla daim ünsiyyət saxlayaydı, qızına vaxt ayıraydı. Məsələ barədə əvvəldən xəbərdar olaydı. Biz bilmirik, Leylanın atasıyla münasibətləri necə olub, uşaq atasıyla ünsiyyət saxlayırdımı, atasından yardım istəyibmi? Konkret indiki vəziyyətdə atanın erkən nikaha mane olması, yardım etmək kimi yox, qisasçılıq kimi görünür. Suallar da, ehtimallar da çoxdur. İstintaq bütün bunları araşdırmalı və rəsmi açıqlama verilməlidir. 14 yaşlı qızın hamiləliyi çox çətin bir problemdir. 14 yaşda hamiləlik baş verirsə, bu, arzuolunmaz bir hamiləlikdir. Hamiləliyin davammı etməsi, yoxsa yarımçıq dayandırılmasına da ekspertiza rəy verməlidir. Erkən yaşda doğum halları çox zaman ağır keçir və orqanizmə ciddi ziyan vurur, həyat üçün böyük risk daşıyır. 14 yaşındaykən dünyaya övlad gətirən qız uşağına doğum şəhadətnaməsi də ala bilməyəcək. Çünki gərək qızın 16 yaşı tamam olsun ki, əvvəlcə özünə şəxsiyyət vəsiqəsi alsın. Dünyaya gələcək körpəyə yalnız 2 ildən sonra doğum şəhadətnaməsi veriləcək. 2 il o uşaq sənədsiz qalacaq. Poliklinikaya qeydiyyata da alınmayacaq. Görün, nə qədər problemlər var…
Valideynlər mütləq məsuliyyətə cəlb edilməlidir
M.Zeynalova vurğuladı ki, Azərbaycanda nikah yaşı qanunla qızlar və oğlanlar üçün 18 yaş təyin edilib. 18 yaşı tamam olmadan həyata keçirilən evliliklər qanunla qadağandır və cinayət məsuliyyəti nəzərdə tutur. Buna görə cütlüklərin valideynləri də cinayət məsuliyyətinə cəlb edilməlidir:
– Lakin görürük ki, qanun pozulur. Müxtəlif bölgələrdən bəzən erkən nikahlar, erkən yaşda evliliklərlə bağlı məlumatlar gəlir. Nikah yaşı tamam olmamış şəxslərin evləndirilməsi həm uşaq, həm də ümumiyyətlə insan haqlarına ziddir. İnsan haqlarının birbaşa pozulmasıdır. Hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Nə qədər iş aparılsa da, maarifləndirici tədbirlər, toplantılar keçirilsə də, qanun pozucuları cinayət məsuliyyətinə cəlb edilmirsə, bunun qarşısını almaq mümkün olmayacaq. Qanunla erkən nikaha təşəbbüs və onun təbliği də cinayət əməlidir. Cəzalanma yoxdursa, artıq cəmiyyətdə belə yanlış fikir formalaşır ki, qanunu pozmaq olar. Biri cəzalanmayıbsa, deməli, biz də eyni hərəkəti təkrarlaya bilərik. O zaman dövlətin və ictimai təşkilatların da erkən nikaha qarşı apardığı mübarizənin effektivliyindən danışa bilməyəcəyik.
“Nikah kağızı olmadan kəbin kəsilmir” iddiası yalandır
M.Zeynalova bildirdi ki, keçirilən hər cür priventiv tədbirlərə baxmayaraq erkən nikahların bağlanması davam edir. Şəhərlərdə də, bölgələrdə də:
– Bunun göstəricisi erkən doğumlardır. İllərdir bildirilir, tələb qoyulur ki, dini nikah bağlanarkən – kəbin kəsilərkən rəsmi nikah şəhadətnaməsi tələb olunmalıdır. Neçə ildir bunu deyirlər, amma reallığa baxanda, fərqli situasiya görünür. Rəsmi statistik rəqəmlər son illərdə 30 minə yaxın körpənin sənədsiz olduğunu göstərir. Bu körpələr faktiki qanunsuz doğulmuş uşaqlar hesab edilir. Körpəyə ona görə sənəd verilə bilmir ki, ana rəsmi nikah şəhadətnaməsi təqdim edə bilmir. Bəzən ananın əlində yalnız kəbin kağızı olur. Bu sənədsə rəsmi hesab edilmədiyindən uşağa yaş kağızı verilmir. Ona görə də fikrimcə, din xadimlərinin “nikah sənədi olmadan kəbin kəsilmir” iddiası həqiqəti əks etdirmir. Düzdür, bir qədər məhdudiyyətlər qoyulub. Bir az çəkingənlik var. Amma ümumiyyətlə, qadağalara saymazlıq daha çoxdur. Xüsusən də bölgələrdə. Belə olmasaydı, erkən nikahların sayı artmazdı. Nikah kağızı olmadan kəbin kəsilməsinin ən birinci sübutu erkən nikahlardır. Nikah yaşına çatmamış qızları məhz kəbinlə evləndirirlər. Rəsmi nikah olmadan kəbinə qoyulmuş qadağaya riayət edilsəydi, məhkəmələrə uşağın atasının müəyyənləşməsi, qeydiyyat, aliment, əmlak məsələləri ilə bağlı çoxsaylı şikayətlər daxil olmazdı. Amma bunlar hamısı var. Bizim təşkilata nə qədər qadınlar müraciət edir ki, ata uşağa soyadını vermir deyə, yaş kağızı ala bilmirik. Belədə uşağın şəxsiyyəti müəyyənləşməmiş qalır, uşaq nə bağçaya gedə bilir, nə də məktəbə. Tənha ana aliment də ala bilmir. Bəzən qadını evdən çölə atırlar, əmlak üzərində hüquqlarını təsbit edə bilmir. Problemlər nə qədər desəniz var. Şəxsən bizim təşkilata hüquqi yardım üçün müraciət edən qadınlar var ki, məhz kəbin kağızı təqdim edirlər. Nikah şəhadətnaməsi təqdim edilməmiş onların kəbinini kim kəsib? Problemi dərinləşdirən həm də bu amildir ki, qanunsuz olaraq kəbin kəsən din xadimləri məsuliyyətdən kənarda qalır. Axund, molla kəbini kəsir, bununla da işi bitir. Sonrası necə olacaq, bu insanlar dini kəbin qaydalarına əməl edəcəkmi, daha bununla maraqlanan, məsuliyyəti üzərinə götürən yoxdur. İslam dininin qaydalarına görə, kəbin kəsilərkən qadına mehr verilməlidir. Hansısa məbləğdə qızıl, qiymətli əşya və s. Kəbinin də öz qayda-qanunları var, bildiyim qədər. Gəlin görək, boşanma olduqda dini kəbinlə evlənmiş kişi kəbin pozulması qaydalarına əməl edirmi? Bu insanın kəbinini kəsmiş axund onun qarşısına tələblərə riayət olunması şərtini qoyurmu? Kəbinlə evlənirlərsə, birincisi, kəbin qaydalarına uyğun evlənsinlər, boşananda, ayrılanda da yenə kəbin qaydalarına əməl etsinlər. Din xadimləri bunu təmin edə bilirmi? Reallıq göstərir ki, yox. Dini kəbinlə evlənmiş qadın kişi tərəfindən faktiki küçəyə atılır. Uşaq da atasız hesab edilir. Bayaq dediyim statistika – 30 minə yaxın uşağın məhz erkən nikahdan doğulmasıdır. Bu uşaqların əksəriyyəti dini kəbinlə evlənmiş cütlüklərin körpələridir.
“Qızlarımız kömək üçün hara müraciət edəcəklərini bilməlidir”
M.Zeynalova qeyd etdi ki, orta məktəbdən başlayaraq uşaqlar hüquqları barədə məlumatlandırılmalıdır:
– Mən ötən dəfə də bildirdim ki, erkən nikahların qarşısının alınmasında orta məktəblərin üzərinə də böyük məsuliyyət düşür. Məktəblərdə maarifləndirmə işləri sürətləndirilməlidir. Uşaqlara hüquqları pozularkən hara zəng edə biləcəkləri deyilməli, “Qaynar xətlər”dən istifadə qaydaları öyrədilməlidir.
Əsas məsələ isə, stereotiplərdən uzaq olmaq, qohumdur, qonşudur demədən, həmin azyaşlı uşaqları xilas etmək lazımdır.
Məlahət Rzayeva
Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/mehriban-zeynalova-faci%C9%99-30-min%C9%99-yaxin-usagin-erk%C9%99n-nikahdan-dogulmasidir">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir