Dəyənək dəlinin, süpürgə gəlinin

Şeytanın Tanrıya məhşur bir
müraciətini yəqin ki xatılayırsız…“Tanrım, madam ki, qadını yaradacaqdın o
zaman məni niyə yaratdın?” Bu məsəli yumor kimi təqdim etsələr də, misalın
özündə qadına olan  mənfi münasibət qabarıq
göstərilir. Dunyanın yaranışı  kimi,
qadının yaranışı da ən qədim zamanlardan mübahisə predmetidir. Hələ də,
ciddi-ciddi qadının kişinin qabırğasından yarandığını deyənlər var. Qadın
qabırğa, qadın süpürgə, qadın cin-şeytan, qadın ev yıxan…

Qadın haqqında bu qədər idbar
sözlərin işlədilməsinin kökündə ya qadına patoloji nifrət, ya da qorxu var.
Başqa üçüncü arqument tapmaq mümkün deyil. Yalnız qadının böyük qüvvə olduğunu
və onun daha böyük nəaliyyətlərə imza atacağını dərk edənlər qorxaraq, qadın
haqqında xoşagəlməz fikirlər söyləyə bilər. Qədim zamanlardan bu günə kimi
müxtəlif mütəfəkkirlərin fikirlərinə nəzər salsaq, qadına qarşı ikrah və nifrət
hisslərinin təməlinin məhz onlar tərəfindən qoyuluğunun şahidi oluruq. Məsələn,
Afina məktəbinin filosoflarının nöqteyi-nəzərinə görə
qadın-tamamilə mükəmməl olmayan, xaos, mövcud olmayan bir varlıqdır. Qadının
cəmiyyətdə ikinci dərəcəli bir üzv olması haqqında geniş yayılmış fikir
mizoginiyada (qadınlara nifrət cərəyanı) ifadə olunmuşdu; belə baxışlar hətta
mədəni və savadlı insanlara da xas idi. 

Keçmiş dövrlərdə indiki kimi
psixoloji davranışın öyrənilməsi ənənəsi olmayıb. Əldə etdiyimiz məlumatlar isə
bizə qədər xeyli dəyişib. Yəni dahinin psixoloji portreti, onun həyat tərzi və
s. olduğu kimi bizə çatdırılmayıb. Bəzi tədqiqatçılar neçə əsr bundan öncə
yaşayan dahilərin əsərlərinə istinad edərək, onların şəxsiyyətləri haqqında
kitablar yazıb. Görkəmli şəxsiyyətlərin qadınlar haqqında yazdığı fikirlərə
nəzər saldıqda, məndə həmin şəxslərin psixoloji durumu və kompleksləri ilə
bağlı sual yaranır.

 Götürək
Sokratı…. “Qadın bir dəfə kişiylə
bərabər oldusa, onun ağasına çevriləcək”. Niyə Sokrat qadın və kişi
bərabərliyindən qorxurdu? Kim idi o qadın ki, Sokrat
onun timsalında bütün qadınları aşağılayırdı. Sokrat zamanının nüfuzlu şəxsi
olduğu  halda ondan güclü olan qadının
bərabərliyindən niyə bələ səksəkədə idi? Sokratın qadınlarla bağlı digər
fikrinə də diqqət edək: “Üç şeyi səadət hesab etmək olar: sən insansan vəhşi
heyvan deyilsən, sən yunansan barbar 
deyilsən və sən kişisən qadın deyilsən”. Bu ifadələri oxuyaraq mən də iddia edirəm ki, Sokratın
qadınlarla bağlı ciddi kompleksi olub və ya o dövrdə qadınlar daha ağıllı və
bacarıqlı olub. Əks təqdirdə həmin dövrdə mizoginiyada (qadınlara nifrət cərəyanı)
yaranmazdı. Qadınların onlardan daha güclü olmasını qəbul etməyən
mütəfəkkirlərdə zərif cinsə qarşı potoloji nifrət yaranıb. Gəlin nifrətin
anatomiyasına nəzər salaq.

Nifrət-aqressiyanın
mürəkkəb affekt formasıdır. Nifrət xarakterdə dərin iz buraxdıqda Eqonun və Ali-Eqonun güclü formasına keçir.  Nifrətə mübtəla  olmuş 
insanın ən əhəmiyyətli hədəfi öz obyektini  məhv etməkdir. Ürəyinin dərinliyində insan
belə bir obyektə ehtiyac duyur və ona can atır, eyni zamanda onun məhvinə  ehtiyac duyur və bunu istəyir.

Mövcud
paradoksun aydınlaşması üçün affektin psixoanalitik tədqiqatını diqqət
mərkəzində saxlamaq lazımdır. Nifrət həmişə patoloji olmur. İnsanın özü və
sevdiklərinin həyatına təhlükə, təhdid yaranarsa, təhlükənin aradan
qaldırmasına yönəldilmiş  normal törəmə
nifrətin daha güclü ifadəsi- qəzəb ola bilər. Amma şüursuz motivasiyalar adətən
bu prosesə soxulur və nifrətin qisas arzusu kimi gücləndirilməsinə gətirib
çıxarır. Əgər bu xroniki xarakter alırsa, onda nifrət artıq təcavüzün
psixopatologiyasını əks etdirir. Nifrətin ekstremal forması obyektin fiziki
aradan qaldırmasını tələb edir və qətldə və ya obyektin radikal məhvində ifadə
edilə bilər.  Əksər hallarda bütün
obyektlərin simvolik dağıdılmasında öz ifadəsini tapır: yəni bütün potensial
əhəmiyyətli münasibətlər -öz əksini
antisosial şəxsiyyət strukturuna malik insanlarda kliniki olaraq müşahidə
olunur. “Mən” nifrət edilən obyektlə eyniləşdiyi, obyektin aradan
qaldırmasının tək yol olduğu zaman- nifrətin bu forması bəzən intiharda özünü
ifadə edir.

Nifrətin daha
yumşaq forması obyekt üzərində dominantliq etmək, onun üzərində hakimiyyətə
sahib olmaq, həmçinin sadistlik komponentlərini özünə daxil edir, lakin bu
zaman obyektə hücumlar tabe olmaq tələbləri ilə məhdudlaşır ki, bu da subyektin
müxtariyyətini və azadlığını təsdiq edilməsini nəzərdə tutur.

Deməli, dahilər qadınlara qəzəbdən də üstün olan patoloji
nifrətdən dolayı belə düşüncə sahibinə çevriliblər. Dominantlıq arzusu bütün
reallıqları inkara gətirib. Məhz “Mən” nifrət edilən obyektlə
eyniləşdiyi zaman qadın haqqında bu cür ibarələr işlədilə bilərdi. Eyni gücü
duymaq, özü ilə bərabər olduğunu dərk edib, bunu qəbul etmək əvəzinə inkar
etdikdə təbii olaraq ən yaxşı yol, hədəfin məhv edilməsi, yaxud onun tabe
etdirilməsi üçün yolların axtarılmasıdır.

Digər bir
məhşurun fikrinə baxaq. Napoleon
Bonopart

deyib ki, “Qadınlar
uşaq istehsal edən maşınlardan başqa bir şey deyil”. Yaxşı ki, Bonapart
uzaq keçmişdə yaşamayıb. Onun cinsəl problemlərinin olması hər kəsə bəllidir.
Yaxud Varren Beatti deyib ki, «Qadınlar fil kimdirlər. Hamı baxmağı sevir,
lakin heç kim evində bəsləmək istəmir». Hamının sevdiyi Fridrix Nitşe isə bele
fikir söyləyib “Qadının  yanına gedərkən
şallağı unutmayın” Bu ifadəyə görə cəsarətlə bəyan etmək olar ki, Nitşedə
sadistlik əlamətləri mövcud olub. Qeyd etdiyim
şəxsiyyətlərin “Mən”i qadınların gücü qarşısında məğlub olub. Əks təqdirdə
adlarını çəkdiyim şəxsiyyətlər qadınlar haqqında bu cür aşağılayıcı ifadələrə
işlətməzdilər.

Güclü məni olan
kişi qadını aşağılamaz. Yuxarıda adlarını çəkdiyim şəxsiyyətlər ilə Hüseyn Cavidi müqayisə edək.
Hüseyn Cavid deyir: “Sürüklənən bəşəriyyət qadınla yüksələcək..” Saşa
Quitri isə deyir- “Əgər qadın yaxşı şey olsaydı, Tanrının da arvadı
olardı” yaxud Heyne “Qadınlar bizi xoşbəxt etməyin bir yolunu,
bədbəxt etməyin min yolunu bilirlər”. Müqayisənin nə dərəcədə fərqli
olduğu göz qabağındadır. Hüseyn Cavid qadının bütün bəşəriyyəti yüksəldə
biləcək gücə malik olduğunu etiraf etməkdən cəkinmir. Demək güclüdür və güclünün gücünü etiraf etməklə daha
güclü ola bildi.  

Bəzən qadın böyük qüvvədir ifadəsini istehza və
ironiya kimi işlətmək dəbə düşüb. Lakin qadının gücü etiraf etməyənlər bir
həqiqəti qəbul etmək istəmir…. Qadını güclü olmayan evin ocağı isti
olmaz…. 

Və nəhayət “dəyənək dəlinin, süpürgə gəlinin” zərb
məsəlinə gəlincə… bu zərb məsəldən imtina vaxtıdır. Çünki,  dəli dediyiniz də insandır. Lakin bizdən
fərqli olaraq, dəlini dəli edən gördüyü həqiqətlərdir. O həqiqət ki, qadını
süpürgəyə çevirib, yerlərə yeksan etməyi məğlubiyyət yox, qalibiyyət bilir.  Dəli bizdən ağllıdır. Çünki, o qadının gücünə
bələddir.. qadın həqiqətən böyük qüvvədir.

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/d%C9%99y%C9%99n%C9%99k-d%C9%99linin-supurg%C9%99-g%C9%99linin">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir