Atın izi itin izinə qarışmaz

Xanlar xanı Bayındır xan ildə bir dəfə şadlıq edib, oğuz bəylərini qonaq edərdi. Yenə şadlıq məclisi qurub, atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı. Bir yerdə ağ otaq, bir yerdə qırmızı otaq, bir yerdə qara otaq qurdurmuşdu. “Kimin oğlu-qızı yoxdursa, qara otaqda oturdun, altına qara keçə döşəyin, önünə qara qoyun ətinin qovurmasından gətirin. Yeyir-yesin, yemirsə–dursun getsin” demişdi. “Oğluolanı ağ otağa, qızı olanı qırmızı otağa yerləşdirin. Oğlu-qızı olmayanı Allah qarğıyıb, biz də qarğayarıq; qoy bilsin” demişdi.( Kitabi-Dədə Qorqud (Dirsə xan oğlu Buğac boyu)

Yəqin ki, hamımız xatırladıq. Hətta dastanı oxumayıb, filmə baxanlar belə bu səhnəni xatırlamamış olmaz. Bəziləri bu səhnəyə baxarkən adi qəbul etmiş, bəziləri isə, dogrudanmı biz bu qədər ayrı-seçkilik yaradan ənənəyə mailikik deyə düşünmüşdü. Birinin digəri üzərində üstünlüyünü açıq şəkildə göstərmək, yaxud birini digərinin yanında bu qədər aşıglamaq kimi ənənələr bizim idi?. Təbii ki, dövr və zaman dəyişmiş, tələblər və qaydalar da eyni deyil. Lakin şüurumuzun alt qatında zaman-zaman  birini digərindən üstələyən sterotiplər hələ də var  və özünü göstərməkdədir.

Əslində yazımın məzmunu təmamilə başqa mövzudur. Baxmayaraq ki, mövzuya girişi  XI-XII əsrlərə aid şifahi ədəbiyyatımızdan misal gətirərək başladım. Giriş etməyim isə təbii ki, səbəbsiz deyil. Çünki mövzunun məğzi  yardım, ayrı-seçkilik və dəstək olacaq.

XXI əsrin ən aktual mövzusu bərabərlik və insan haqlarıdır. Kifayət qədər mübahisə doguran insan haqları mövzusu, cəmiyyətin daima dəyişən şəraitindən asılı olaraq insan haqlarının təbii və sosial yaranışında inkişaf anlamına gəlir. İnsan haqlarının əsas fəlsəfəsi, insan və dövlət arasında qarışılıqlı, yəni şəxsi, siyasi, iqtisadi, sosial, mədəni azadlığı ehtiva edir. Lakin, buna baxmayaraq bəzən azadlığın azlığı məsələsi də aşkarlanır. Azər Rəşidoğlunun “Avtoritar meydanda liberal utopiyası” yazısında insan azadlığının azlığı ilə bağlı maraqlı fikirlərə rast gəldim. O deyir: “İrqindən, sosial vəziyyətindən, cinsindən asılı olmayaraq insanlar daim azadlığa can atır. Fəhlə əmək haqqı və istirahət hüququnun genişlənməsi, sahibkar azad bazar hüququnun təmin olunması, qadınlar gender bərabərliyinin qorunması, dindarlar isə vicdan azadlığına nail olmaq uğrunda mübarizə aparır. Bütün bu mübarizələr insan haqlarının qorunması çərçivəsində gedir. İnkişaf etmiş ölkələrdə hətta heyvanların hüquqları belə qorunur. Liberalizm bəxş etdiyi dəyərlər məhz bu amilləri nəzərdə tutur”.

Bu fikirlərdə istinad ediləsi bir məqam var. Yəni, liberalizm həm də yardımsevərlik deməkdir. Əgər heyvanların belə hüquqlarının qorunması kimi incə, duygusal hiss müdafiə predmetinə çevrilibsə, demək liberalizm təkcə hiss deyil. O həm də davranış və düşüncə  normasıdır.

Bir az yüksək ideyalardan ayrılıb geri dönək. Əslində hazırda dünya ölkələrinin 90 faizində kimi danışdırsan insan haqlarına hörmətlə yanaşdığını deyəcək. Elə biz özümüz də… Demək və əməl etmək ayrı-ayrı anlamlardı. Baxmayaraq ki, bəzən fikrin ifadəsini əməlin balanğıcı hesab edənlər də olur. Biz hər yerdə TV-də, iclasda, küçədə, dərsdə hətta artıq evdə də insan haqlarına hörmət hissindən danışırıq, fikirimizi ifadə edirik.  Əməl edirikmi?

TV-də qadın hüquqlarından danışan qadınların öz həmcinsinə qarşı etdiyi ədalətsizliklə, danışdıqalrı arasınada əlaqə varmı? Yaxud, yüksək tribunada ailə münasibətində qadına hörmətdən danışan vəzifəli bir kişinin, evdə həyat yoldaşını təpyin altına salması arasında uyğunluq haradadır? Gəldim əsas mətləbə…

Bu gün ölkədə genderşünaslıq mövzusuna maraq kifayət qədər artıb. Qadın hüquq və azadlıqlarına dair konfranslar, dəyirmi masalar, işçi qrupların görüşləri və dövlət proqramlarında gender aspektinə dair tələblər gündəmdədir. Gender əslində çox geniş və çoxtərəfli mövzudur. Bir elm olaraq onu bütünlüklə əhatə edərək tətbiq etmək elə də asan məsələ deyil. Mütəxəssis olaraq mənim yalnız onun bir aspekti-gender əsaslı zorakılıq mövzusu ətrafında müzakirə aparmağa cürətim çatar. Elə yazım da cürətim çatdığı mövzu ilə bağlıdır. Gender əsaslı zorakılıq deyəndə iki məsələ- məişət zorakılığı və insan alveri problemi haqqında danışılacaığını mütəxssislər yaxşı bilir.

 “İnsan alveri” anlayışı istismar məqsədi ilə insanların cəlb edilməsi, daşınması, bir yerdən digərinə aparılması, borc iltizamlarından istifadə edilməsi, hədələmək, güc tətbiq etmək və ya başqa fiziki təzyiq üsulları ilə, insanların oğurlanması, qorxudulması, aldadılması, onların çıxılmaz vəziyyətdə olmalarından istifadə edilməsi, pul vermək və ya pul almaq yolu ilə bir nəfərin başqa biri üzərində ağalığına nail olması kimi başa düşülür. (Avropa Şurasının insan alveri elyhinə fəaliyyətə dair Konvensiyası); Bu anlayışda insan alverinin digər formalırı ilə yanaşı qadın alveri fomrası da nəzərə alınır və biz daha çox qadınların istsimarına dair məqama toxunuruq.

“Məişət zorakılığı” anlayışı – ən ağır və gizli sosial problemlərdən biridir.  Y.İ.İvanova görə, bu anlayış altında, ailənin bir üzvünün və ya bir necə üzvünün, ailənin digər üzvü və ya üzvlərinə qarşı tətbiq edilən,  fiziki, iqtisadi, psixoloji, seksual təsirlərin müxtəlif  qəbul edilməyən və travma ilə nəticələnən formaları anlaşılır. Və ya “ailədə zorakılıq – ailənin bir üzvünün digər üzvü üzərində hakimiyyət və nəzarəti əldə etmə və ya saxlanma məqsədi ilə törədilən konkret hərəkətləridir”(E.Q.Tonkopeyev).

Hər iki problemdə açar sözlərə diqqət edək “güc”, “ağalıq”, “asılılıq”, ”hədələmək”, “nəzarət” və s. Bu sözlərin hər biri zorakılıq üçün əsas indikatordur. Hər iki problem cinayət tərkibli olmaqla – şəxsiyyətə qarşı yönəlikli cinayətdir.  İndi isə ictiami fikirdə problemə yanaşmaya diqqət edək. “İnsan alveri qurbanları- fahişələrdir”, “onlar nə üçün getdiklərini yaxşı bilirdi”, “dana göz eləməsə buğa sıçramaz” və s. kimi yanaşmalar əksər vaxt problemin  mahiyyətini dəyişir və cinayət qurbanının ittiham olunması ilə nəticələnir.  Məişət zorakılığı qurbanları haqqında ictimai rəy isə belədir: “dilsiz ağızsız”,”yazıq”, “aciz”, “biçarə” və s. Amma nəzərə alaq ki, məişət zorakılığı qurbanları haqqında da sterotiplər dəyişmək üzrədir. Belə ki, “düz adam olsa ayrılmazdı”, “ölərdi, amma ailəsini atmamalıydı”, “yəqin yenisini tapıb” və s. Məhz bu cür ifadələrə və cins anlayışına görə hər iki problem, gender əsaslı zorakılıq hesab edilir. Lakin bütün bu əsaslara baxmayaraq, bir cinayət qurbanı bağışlanmır, digəri isə yardım və mərhəmətə layiq görülür.  Yazımın əvvəlində  Dədə Qorquddan misalı boş yerə gətiməmişdim. XI-XII əsrdən bu yana yardım və mərhəmət hissimizdə heç bir dəyişikliyin baş vermədiyini diqqətə çatdırmaq istəmişdim. Bu gün, gender əsaslı zorakılıq qurbanları üçün sığınacaqların təşkili və onalrın cəmiyyətə qayıdışı üçün dəstək proqramları mövcuddur. Lakin, bir sıra gender mütəxssisləri hələ də, qara çadır və ağ çadır qurulması ugrunda mübarizə aparır. İnsan alveri qurbanları qara çadıra, məişət zorakılığı qurbanları isə ağ şadıra yerləşdirilməldir. Əks halda insan alveri qurbanı olan şəxs, məişət zorakılığı qurbanını əxlaqına çox pis təsir göstərər deyənləri  də az görməmişik. Onda sual edirəm, arvadını, qızını, bacısını fahişəliyə göndərənlər, ailə üzvünü zorlayanlar, az yaşlı uşaqlarla cinsi münasibətdə olan valideynlərin qurbanlarını hansı çadıra göndərək? Axı onlar da məişət zorakılığı qurbanıdır. Yoxsa gözümüzü yumub deyəcik ki, bizdə bu problem yoxdur ?!

Əgər biz cəmiyyətdə bərabərlik və ayrı-ceçkiliyi aradan qaldırmaq, zorakılıqla köklü mübarizə aparmaq  fikrindəyiksə, o halda  gender əsaslı zorakılıq qurbanlarını çadırlara bölməməliyik. Hər kəsə bərabər yanaşmaqla, hər kəsə hörmət hissini nümayiş etdirməklə, onun cəmiyyətə  yararlı insan kimi qayıdışını təmin edə bilərik. Bütün növ ayrı-seçkilik özlüyündə yeni problemlər yaradır. Bu gün reabilitasiya prosessinin effektiv nəticəsinə fikirimizi yönəltməliyik ki, arzuladığımız qadın obrazını formalaşdıra bilək.

Bir də unutmayaq ki, atın izi, itin izinə qarşımaz, istər çadırda, istər çadırsız.

Mehriban Zeynalova..

Facebook
Facebook
Google+
Google+
http://tamizdunya.com/atin-izi-itin-izin%C9%99-qarismaz">
Twitter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir